Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü Bərdədə dərin hüznlə qeyd edildi.
Dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 18-cı ildönümü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, fəalları, Millət vəkillərinin köməkçiləri, ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri, rayon sakinləri, ağsaqqallar, Birinci və İkinci Qarabağ müharibəsi qazi və şəhid ailələri, ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon sakinləri gün ərzində rayonun əsas meydanında və Heydər Əliyev adına Park bulvarda ucalan ümumilli lider Heydər Əliyevin heykəlləri önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anmış, hörmət və ehtiramlarını bildirmişlər.
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı.
1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa etmiş, lakin ağır, çətin vəziyyətlə, dağılmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövləti və Azərbaycan xalqı özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük qurtuluş idi və Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil Azərbaycan dövlətini labüd fəlakətdən qurtardı, onun qorunması, inkişafı və möhkəmləndirilməsini təmin etdi. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
Bütün gün ərzində rayon Heydər Əliyev Mərkəzinin yanında ucaldılmış böyük monitorda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir.