Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev YAP Bərdə rayon təşkilatının yeni təyin olunmuş sədri Fəqət Şadlinskaya və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.
Görüşdə rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etmişdir.
Görüşdə çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyindən danışıb. Həmçinin YAP Bərdə rayon təşkilatına yeni təyin olunmuş sədr Fəqət Şadlinskayanın 15 ildir rayon İcra hakimiyyəti Başçısının müavini olaraq mühüm vəzifədə çalışdığını, onun savadlı və təcrübəli kadr olduğunu vurğulamışdır. Rayon rəhbəri 12 ildir YAP rayon təşkilatına ictimai əsaslarla sədrlik etmiş Fəqət Şadlinskayanı YAP Bərdə rayon Təşkilatına yenidən sədr təyin olunması münasibətilə təbrik etmiş və gələcək işlərində uğurlar arzulamışdır.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi çox böyük və şərəfli yoldan danışmış, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və partiya rəhbərliyinə təşəkkür edərək, təşkilatın bütün üzvləri və onun siyasi iradəsi ətrafında daha sıx birləşəcəklərini bildirmiş, bu etimadı layiqincə doğrultmağa var gücü ilə çalışacağına söz vermişdir.
Tədbirdə çıxış edən ölkə Prezidentinin Sərəncamı ilə “İlin ən yaxşı məktəbi” adına layiq görülmüş şəhər 3 saylı tam orta məktəbin “Tərəqqi” medallı, “Əmək” ordenli direktoru Səfurə Hümbətova bütün rayon ziyalıları və ictimaiyyət nümayəndələri adından çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini bildirmiş, Fəqət Şadlinskayanı yeni təyinat münasibətilə təbrik edib, bu yolda ona uğurlar arzulamışdır.