Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda Xocalı soyqırımının 30 illiyi geniş qeyd edilmişdir.

26 fevral 2022 | 16:00

26 fevral 2022-ci il tarixdə Bərdədə YAP rayon təşkilatının və  rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri,  YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri və fəalları, Bərdədə müvəqqəti məskunlaşmış Xocalı sakinləri,  ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
         Tədbir iştirakçıları rayon məktəblilərinin  “Xocalı uşaqların gözü ilə” adlı rəsm  və Xocalı faciəsinə həsr edilmiş kitab  sərgisi ilə tanış olmuşlar.
Tədbir Xocalı faciəsi ilə bağlı video-çarxın izlənməsi ilə başlanmışdır.
         Tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
        Tədbiri açan  rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev  Xocalı faciəsi ilə əlaqədar məruzə etmişdir. Bildirmişdir ki, Xocalı faciəsi bütünlükdə insanlığa qarşı törədilmiş cinayətdir. O müdhiş gecədə Xocalıdan Bərdəyə pənah gətirən məcburi köçkün soydaşlarımız bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni tikilmiş qəsəbələrdə mənzillərlə təmin olunmuşlar.  Hazırda Bərdə rayonunda 126 Xocalı ailəsi yaşayır.
         6 yaşı olarkən həmin  faciəvi gecədə erməni faşistləri tərəfindən əsir götürülmüş Firəngül Kərimova, Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova, Bərdədə müvəqqəti məskunlaşmış Xocalı sakini, Vətən müharibəsi şəhidi, ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Əlzamin Ramazanlının anası Adilə Ramazanova, Xocalı İcra Hakimiyyətinin Bərdə üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxış etmiş, həmin gecə baş vermiş faciənin canlı şahidi olaraq gördüklərini tədbir iştirakçıları ilə bölüşmüşlər. 
     Həmin gün tədbir iştirakçılarından və  Xocalı sakinlərindən bir qrupu şəhidlər xiyabanını  ziyarət etmiş,  burada uyuyan Xocalı şəhidlərinin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə  ehtiramlarını bildirmişlər.

Keçidlər