Zümürxan kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
Qəbulda rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Zümürxan və Çəmənli kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən, həmçinin Zümürxan kənd inzibati ərazisinin əhatə etdiyi kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Zümürxan, İmamqulubəyli və Çəmənli kəndinin də daxil olduğu Zümürxan kənd inzibati ərazi dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb, kəndlərin aşağı gərginlik xətləri kabelləşdirilib, son illər Zümürxan kəndində 360 şagird yerlik yeni məktəb tikilib, Zümürxan-Çəmənli kənd yolunun 2 km hissəsi asfaltlaşdırılıb, hazırda inzibati ərazi dairəsinin kəndlərində GPON texnologiyası əsasında telefon çəkilişi aparılır. 2021-ci ildə inzibati ərazi dairəsində 60 hektar sahədə pambıq əkilmiş, 180 ton pambıq, 12 qutu barama bəslənərək 468 kq barama istehsal edilmişdir. Baramaçılığın inkişaf etdirilməsi üçün 2021-ci ildə ərazidə 150 ədəd çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Nadir Usubov Zümürxan-Çəmənli kəndlərarası yolun 2 km hissəsinin asfaltlaşdırılması, şəhid abidə kompleksinin tikintisi, İbadət Məmmədov şəhid ailəsi kimi ev növbəsinə götürülməsi, İbrahim Allahverənov artezianin dərinlik nasosunun və kabelinin dəyişdirilməsi, Ələddin Cəfərov batmış subartezian quyusunun bərpası, Fariz Hümbətov İcarəsinə torpaq sahəsi verilməsi, Asif Yusifov Zümürxan gölünün tullantılardan təmizlənməsi, Nürəddin Ziyadov elektrik xətlərində problem yaradan ağacların budanması barədə müraciət etmişlər. Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri torpaqlarımızın işğaldan azad edilməsinə, əhalinin sosial müdafiəsinə, kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçılığın və baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.