YAP Bərdə rayon təşkilatı özünün 29-cu ad gününü işğaldan azad edilmiş Ağdamda şəhid anaları və ailələri ilə birlikdə qeyd etmişdir.
YAP Bərdə rayon təşkilatı özünün yaradılmasının 29-cu ildönümü münasibəti ilə partiya fəalları, gəncləri və rayonun bir qrup şəhid anaları və ailələri ilə birlikdə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər təşkil etmişdir. Səfər zamanı 30 ilə yaxın erməni işğalına məruz qalan, daşı daş üstündə qalmayan Ağdam şəhərində İqamətgah Kompleksi, Çörək muzeyi, Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq Qalasına baş çəkilmişdir. Yol boyu dağıdılıb, məhv edilmiş ağ günlərin Ağdamının, o böyük, gözəl şəhərimizin ermənilər tərəfindən necə barbarcasına, vəhşicəsinə dağıdıldığını görmək, yalnızca bələdçinin dediklərindən tanımağa çalışdığımız o gözəl yurd yerlərini o şəkildə viran qoyulduğuna baxmaq nə qədər acı və ağır olsa da, o doğma müqəddəs torpaqlarımızda yenidən qalib xalqın övladları olaraq bayram gününə toplaşmağın sevinci hər kəsi qürurlandırırdı.
Səfər zamanı həm də Birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin uyuduğu, Şəhidlər Xiyabanı ziyarət olundu, əzizlərinin zorla tapıb müəyyənləşdirdiyi şəhid məzarları önünə YAP Bərdə rayon təşkilatı tərəfindən bütün şəhidlərin əziz xatirəsinə” əklili qoyuldu və məzarların üzərinə gül dəstələri düzülərək torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsi yad edildi.
Şahbulaq Qalasının həyətində YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının iqtidar Partiyası olaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yaratdığı reallıqlardan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətimizin qüdrətlənməsi yolunda aparılan uğurlu daxili və xarici siyasətdən danışmış, 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin məhz bu uğurlu, güclü siyasətin və sarsılmaz xalq - iqtidar birliyinin nəticəsi olduğunu bildirmişdir. Bu gün müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına işğaldan azad edilmiş torpaqlarımıza qovuşmağımızın hər birimiz üçün ən böyük sevinc və qürur mənbəyi olduğunu bildirmişdir.
Daha sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medallarına layiq görülmüş şəhidimiz Abışov Asifin anası İsbət Hətəmova çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmiş, YAP Bərdə rayon təşkilatına bu səfəri təşkil etdiyinə görə bütün şəhid anaları və ailələri adından təşəkkür etmiş, azad olunmuş bu müqəddəs torpaqların onlar üçün ən böyük hədiyyə olduğunu bildirmişdir.
Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya təşkilatın 29-cu ad günü münasibətilə şəhid anaları və ailələrinə hədiyyələr təqdim etmişdir.
Səfərdən qayıdanda hər kəsin ürəyində və dilində yalnız bu fikirlər səslənirdi:
Çal-çağırlı, qonaqlı, toy-büsatlı, bayram növraqlı günlərin əbədi olsun, əziz, müqəddəs QARABAĞ!
Yaşasın AZƏRBAYCAN!
Ruhunuz əbədi şad olsun, ƏZİZ ŞƏHİDLƏRİMİZ!
Yaşasın torpaqlarımızı azad edən MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN, RƏŞADƏTLİ AZƏRBAYCAN ORDUSU!
Təşəkkürlər YENİ AZƏRBAYCAN PARTİYASI!