Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktybar –Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir

06 oktyabr 2013 | 15:00

 

Tədbirdən əvvəl rayonun bir qrup qabaqcıl müəllimi ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil və musiqi  məktəblərinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Peşə liseyinin direktorları, məktəb müəllimlərinin bir qrupu, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri-cəmi 380 nəfər iştirak etmişdir.
Tədbiri rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov açmış və 5 oktybar –Beynəlxalq Müəllimlər günü münasibəti ilə məruzə ilə çıxış etmişdir.
Tədbirdə Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi Flora Əliyeva, Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin müəllimi Əsli Süleymanova, Peşə liseyinin müəllimi Elbrus Abbasov, Şəhər 1 saylı Uşaq incəsənət məktəbinin müəllimi Gülnur Zamanova və rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış edərək rayon müəllimlərini 5 oktybar –Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etmiş, fəaliyyətlərində yeni-yeni nailliyyətlər arzulamışlar.
Rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər görülür. Cari ilin ötən dövründə rayonun Mirzalıbəyli kəndində 220 şagird yerlik tam və Qullar kəndində 180 şagird yerlik əsas məktəblər tikilib istifadəyə verilmiş, rayon Təhsil şöbəsinin inzibati binası və 1 saylı Uşaq Musiqi məktəbinin tikintisi başa çatmaq ərəfəsindədir, Nazırlı, Qazaxlar, Türkmən kəndlərində, Bərdə şəhərində 7 saylı məktəbin tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və yaxın günlərdə tikintiyə başlanacaq, 39 ümumtəhsil məktəblərində və körpələr evi-uşaq bağçalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün Həsənqaya kəndi ərazisində 866 ailəlik yaşayış məhəlləsi tikilmiş, məcburi köçkünlər həmin yaşayış məhəlləsinə köçürüldükdən sonra həmin təhsil müəssisələri əsaslı təmir ediləcək və ya yeni bina tikiləcəkdir.
Rayonun pedaqoji işçilərinin nailiyyətləri sevindiricidir. 2011-2012-ci tədris ilində XI sinfi bitirən 1431 nəfərin 1064 nəfəri və ya 74 faizi attestat ala bilmişdisə 2012-2013-cü tədris ilində XI sinfi bitirən 1430 nəfərin hamısı attestat almışdır.
     2012-ci ildə ali məktəbə qəbul üçün sənəd verən məzunların 302 nəfəri və ya  42,5 faizi ali məktəbə qəbul olmuşdursa 2013-cü ildə məzunların 313 nəfəri və ya 44,5 faizi tələbə adını qazanmışdır.
      Rayonun ümumtəhsil məktəblərinin məzunlarından 2012-ci ildə 53 nəfəri, 2013-cü ildə 57 nəfəri 500-dən, 37 nəfəri 600-dən çox bal toplamışdır.      Qazanılan uğurlarda xüsusi payı olan məktəblərimizin sayı xeyli artmışdır.
      500-dən çox bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlardan 23 nəfəri kənd məktəblərinin payına düşür.
Rayon müəllimlərinin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Cari ildə Qaradəmirçi kənd tam orta məktəbin direktoru Hakim Ələkbərov ölkə rəhbərinin sərəncamı ilə “Respublikanın Əməkdar müəllimi” adına layiq görülmüş, Bərdə şəhər 3 saylı tam orta məktəb və Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb –lisey «Ən yaxşı ümumtəhsil məktəbi», Bərdə şəhər 8 saylı tam orta məktəbin müəllimi Sədiqə Dünyamalıyeva və Kətəlparaq kənd tam orta məktəbin müəllimi Günel Nəsibli «Ən yaxşı müəllim» müsabiqəsinin qalibi olmuşlar.

Keçidlər