31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə tədbir.
31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Rayonun Mərkəzi meydanında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və nümayəndələri– cəmi 9 min nəfərdən çox rayon sakinləri iştirak etmişdir.
Tədbir rayonun mədəniyyət və incəsənət xadimlərinin çıxışı ilə başlamış, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmişdir.
Hər il olduğu kimi, bu il də xalqımızın Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili böyük ruh yüksəkliyi ilə qeyd etdiyini bildirən rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi «Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında» 1991-ci il 16 dekabr tarixli qərarı ilə Dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildiyini bildirmişdir.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının birinci Qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır. Qurultayda ümummilli liderimiz Heydərəliyevin “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!!!” ifadəsi bu gün xalqımızın həyat amalına çevrilmişdir.
Sonrakı dövrdə Diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» qanun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişləndirilməsini təmin etdi
Məhz Həmrəylik gününün yaratdığı birlik beynəlxalq aləmdə Azərbaycanın səsinin eşidilməsində, Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılmasında mühüm rol oynamışdır və oynayır.
Dövlət müstəqilliyimizin 23 ili ərzində Azərbaycan bir əsrdən artıq inkişaf, yeniləşmə yolu keçmişdir.
Ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi önəmin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın say-seçmə ölkələri sırasına çıxmışdır.
Ölkəmizin iqtisadi-sosial uğurları artdıqca xalqımızın güzəranı daima yüksəlir, mədəniyyəti çiçəklənir, öz imzasını mötəbər hesabatlara, proqramlara yazır.
Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevi ölkədə baş verən intibahın, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş intibahın, Azərbaycanı parlaq sabaha yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti yekdilliklə dəstəkləyir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə rayonumuz da sürətlə inkişaf edir, əhalinin sosial-iqtisadi problemləri sürətlə həll edilir. 2013-cü il oktyabrın 7-də Respublikamızın möhtərəm Prezidenti cənab İlham Əliyev rayonumuza səfər etmiş, “Qəhrəmanlar Parkı” və “Qarabağ” çörək zavodununun açılışında iştirak etmiş, Nüşabə parkı, Mərkəzi İstirahət parkı və Bayraq meydanı tanış olmuşdur2014-cü il sentyabrın 10-da cənab Prezident rayonumuza səfər etmiş, Həsənqaya kəndi ərazisində tapşırığı ilə məcburi köçkünlər üçün tikilmiş yaşayış məhəlləsinə baxış keçirmişdir. Bu bizi öz işimizə daha məsuliyyətlə yanaşmağa sövq edir, daha böyük işlər görməyə ruhlandırır. Biz çalışacağıq ki, ölkəmizdə aparılan tikinti-abadlıq işlərində öndə gedək.
Ötməkdə olan 2013-cü ildə rayonumuzda 220 şagird yerlik Mirzalıbəyli və 180 şagird yerlik Qurdlar kənd məktəbləri, 1 saylı uşaq incəsənət məktəbi, rayon Təhsil şöbəsinin inzibati binası, Daxili qoşunların Bərdə korpusunun 5 mərtəbəli korpusu, Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün 866 ailəlik yaşayış məhəlləsi tikilmiş, 27 kənd qazlaşdırılmış, 6,3 km kəndlərarası yol asfaltlaşdırılmış, suvarma üçün 12 subartezian quyusu, içməli su üçün 1 ədəd artezian quyusu vurulmuş, hazırda 35 hektar ərazidə Heydər Əliyev park-bulvarı, Əmlak komitəsinin rayon şöbəsinin inzibati binası, 220 şagird yerlik Nazırlı və 180 şagird yerlik Qazaxlar kənd, 380 şagird yerlik Bərdə şəhər 7 saylı orta məktəbləri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzili kommunal bina, Gənclər Mərkəzi, Mədəniyyət Mərkəzi tikilir, “Bərdə” türbəsi bərpa edilir.
Rayonumuzdan kənarda yaşayan bərdəlilər də daim rayonumuzun həyatı ilə maraqlanır, rayonumuzda aparılan irimiqyaslı abadlıq və quruculuq işlərinə görə ürəkdən sevinirlər.
Bütün bunlar ümummilli lider Heydər Əliyev dühasının yaratdığı və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən siyasi xəttin nəticəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxışının sonunda tədbir iştirakçılarının şəxsində bütün Azərbaycan xalqını, rayon sakinlərini hər iki bayram münasibətilə təbrik etmiş, uzun ömür, can sağlığı, işlərinində uğurlar arzulamışdır.
Tədbirdə 2013-cü ildə əldə etdiyi nailiyyətlərə görə 10 nəfərə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilmiş, 175 nəfərə qiymətli hədiyyə verilmiş, tədbir iştiraçılarına Şaxta babanın hədiyyələri paylanmışdır.
Tədbir rayonun incəsənət xadimlərinin, bədii özfəaliyyət dərnəklərinin, uşaq musiqi məktəblərinin kollektivlərinin rəngarəng çıxışları ilə müşayət olunmuşdur.