Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının yaranmasının 21-ci ildönümü ilə əlaqədar tədbir
YAP Bərdə rayon təşkilatının iclas zalında keçirilən tədbirdə YAP rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə tədbir iştirakçılarının bir qrupu ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad etdilər. Tədbir iştirakçıları H.Əliyev Mərkəzini gəzərək ulu öndərlə bağlı eksponatlarla tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya məruzə ilə çıxış etmişdir.
Qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında yeri və rolu müstəqil Azərbaycanımızın tarixinin şərəfli səhifəsini təşkil edir. Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin nurlu ideyalarının uğurla həyata keçirilməsində ən öncül və aparıcı rola malikdir.
Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz yüksək dərəcədə inkişaf edərək regionda lider dövlətə çevrilmişdir. Bu gün hər bir partiya üzvü Yeni Azərbaycan Partiyası ilə fəxr edir. Və Partiyamızın siyasi liderinin ətrafında sıx birləşir.
YAP Bərdə rayon təşkilatı rayonun ictimai - siyasi həyatında mühüm rol oynayır. İdeoloji işin yüksək səviyyədə həyata keçirilməsi fəaliyyətimizin əsasını təşkil edir. İdeoloji iş rayonumuzun sosial-iqtisadi inkişafı ilə birgə aparılır.
Möhtərəm Prezidentimiz cənab Ilham Əliyevin diqqət və qayğısı ilə Bərdə rayonu sürətlə inkişaf edir, gündən-günə gözəlləşir.
YAP yarandıqdan qısa müddət sonra Azərbaycanın bütün bölgələrində olduğu kimi Bərdədə də o zamankı iqtidarın təzyiq və maneələrə baxmayaraq 1993-cü il mart ayının 13-də 185 nəfər təəssübkeşin iştirakı ilə YAP rayon təşkilatının təsis konfransı keçirilmişdir. Bərdədə təsis konfransına qədər təşkilatın 25 özəyi mövcud idi və 1445 nəfər partiya üzvü bu özəkdə birləşmişdi.
YAP müxalifətdə ikən onu yaradan bərdəlilər bu gün də yekdilliklə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin yeritdiyi siyasi xətti birmənalı olaraq dəstəkləyirlər.
Bərdə rayon təşkilatı YAP-ın aparıcı qüvvələrindən biridir. Hazırda təşkilatın sıralarında 10335 nəfər əqidə yoldaşları birləşir. Onlardan 4103 nəfəri qadın, 2930 nəfəri isə gəncdir. Ictimaiyyətin bütün təbəqələrindən olan insanlar partiyada təmsil olunurlar. Ötən 2 ay ərzində rayonda 81 nəfər YAP sıralarına qəbul olunmuşlar.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş gənclərdən bir qrupuna partiya biletləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP fəalına YAP rayon təşkilatının Fəxri fərmanları və YAP rayon təşkilatının rayon Təhsil şöbəsi, rayon Gənclər və İdman idarəsi ilə birgə keçirdiyi “Kim, nə, harada?” intellektual bilik yarışının qaliblərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbirin sonunda YAP rayon təşkilatının yaradılmasının 21 illiyi münasibətilə Bərdə şəhər 8 saylı tam orta məktəbin şagirdləri kompozisiya təqdim etmişlər.