Arabaçılar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Arabaçılar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illər Arabaçılar kəndi qazlaşdırılıb, 10 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kəndin 4,5 km baş yolu asfalt-betonla tikilmiş, Hacılar-Hüseyalılar-Qaradırnaq kəndlərarası 3 km yol cari təmir edilmiş, Arabaçılar kəndində içməli su üçün 1 ədəd subartezian quyusu qazılmış, su şəbəkəsi və 27 ədəd bulaq tikilmişdir. Hazırda K-11 suvarma kanalı lildən təmizlənir. Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.