Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası ilə birgə layihə çərçivəsində fəaliyyət göstərən “Bərabər İnkişaf Naminə” Koalisiya Bərdə şəhərində akademik Zərifə Əliyeva adına məktəb liseydə tədbir keçirilib
16 avqust 2024 | 12:05
Bərdəli qadınlarla görüş Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi mövzusunda idi.
Görüşü giriş sözü ilə “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri professor Təranə Kərimova açaraq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də çox uğurla davam etdirilən dövlət qadın siyasətindən danışmış, qadınların həm dövlət idarəçiliyinin müxtəlif ierarxiyalarında, həm də seçkili orqanların işində öz iradələrini ifadə etmək əzmində olduqlarını qeyd etmişdir. O demişdir: “Biz qalib xalqın qalib vətəndaşlarıyıq. Bu qalibiyyət güclü dövlət başçısı, Ali Sərkərdənin təmin etdiyi xalq-iqtidar birliyi, müzəffər ordunun şücaəti sayəsində qazanılmışdır. Bu gün bizim milli örnəyimiz var. Ölkənin birinci xanımı Mehriban Əliyevanın universal fəaliyyəti, keçdiyi həyat yolu, Azərbaycan naminə etdikləri hər bir qadına örnəkdir. Azərbaycan naminə titanik fəaliyyətlərində cənab Prezidentimizə və Birinci vitse-Prezidentə uğurlar arzulayırıq. Sizi 2024- cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə fəal iştirak etməyə çağırırıq”.
Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək tədbir iştirakçılarını salamlamış və demişdir: “Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoymuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020- ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını, üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəldilməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranmış, qarşımızda yeni perspektivlər açmışdır. Butün bunlar qadınların gücünü artırır, cəmiyyətdə onları daha fəal olmağa sövq edir. Əziz xanımlar ,Sizi seçkilərdə fəal olmağa çağırıram.”
Tədbirə qatılan digər çıxışçılar da öz ürək sözlərini söyləmişlər.