Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsində
Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji əhəmiyyətini, möhkəm dostluq və qardaşlıq bağlarını, eləcə də qarşılıqlı əməkdaşlığın geniş perspektivlərini bir daha nümayiş etdirib.
Dövlətimizin başçısı bildirib ki, Daşkəndə hər səfəri zamanı şəhərin və bütövlükdə Özbəkistanın sürətli inkişafının şahidi olur. Bu inkişaf ölkənin müxtəlif sahələrində – iri infrastruktur layihələrindən tutmuş iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat sektorlarına qədər özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyev Özbəkistanın hazırda mühüm yüksəliş mərhələsində olduğunu vurğulayaraq, bu prosesdə Prezident Şavkat Mirziyoyevin ölkənin iqtisadi və sosial inkişafına, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və qarşıda duran mühüm vəzifələrin həllinə yönəlmiş fəaliyyətinin xüsusi rol oynadığını qeyd edib.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Şavkat Mirziyoyev Özbəkistana rəhbərlik etməyə başladığı dövrdə ölkənin iqtisadi və inkişaf imkanları indiki səviyyədə deyildi. Ölkənin yeni inkişaf mərhələsinə çıxarılması üçün iqtisadi əsasların möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi, müxtəlif sahələrə investisiyaların cəlb olunması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Bu gün isə beynəlxalq aləmdə yüksək nüfuza malik, iqtisadiyyatın müxtəlif sahələrində ardıcıl inkişafın təmin edildiyi və mühüm sosial-iqtisadi layihələrin uğurla reallaşdırıldığı müasir Özbəkistan formalaşıb.
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin də məhz bu inkişaf prosesləri fonunda yeni məzmun qazandığı vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması artıq uzaq perspektiv kimi deyil, real hədəf kimi qiymətləndirilir. Qarşılıqlı investisiyalar, birgə layihələr və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi bu məqsədə çatmaq üçün mühüm imkanlar yaradır. Ölkələrin paralel və sürətli inkişafı qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə və əməkdaşlığın daha böyük coğrafiyanı əhatə etməsinə şərait yaradıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın inkişafında Özbəkistanın və Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu da qeyd edib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulması nəticəsində qarşılıqlı əlaqələrin coğrafiyası daha da genişlənib. Dövlətimizin başçısının sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri böyük potensiala və geniş inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi məkan kimi çıxış edir. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığının möhkəmləndirilməsi bütövlükdə regionun inkişafına müsbət təsir göstərən mühüm amillərdən biridir.
İkitərəfli əlaqələrin əhatə dairəsinin genişliyi də səfər çərçivəsində bir daha təsdiqlənib. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı və emal sənayesi daxil olmaqla, iqtisadiyyatın bir çox istiqamətində birgə layihələr həyata keçirilir. Bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın aparıcı banklarından birinin Özbəkistan bazarına daxil olması və SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarında fəaliyyətə başlaması iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdiyini göstərir. Neft və qaz kəşfiyyatı sahəsində həyata keçirilən layihələr üzrə də işlərin yekun mərhələyə yaxınlaşdığı və növbəti mərhələdə istismar quyularının qazılmasının nəzərdə tutulduğu bildirilib.
Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin yalnız iqtisadi maraqlara deyil, eyni zamanda möhkəm mənəvi və tarixi bağlara əsaslandığı xüsusi vurğulanıb. Prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin bu xüsusiyyətini beynəlxalq münasibətlərdə nadir rast gəlinən mühüm sintez kimi qiymətləndirib. Hər iki dövlətin rəhbərliyinin əsas məqsədlərindən biri xalqların rifahının yüksəldilməsi, inkişafın təmin olunması və qarşılıqlı imkanlardan səmərəli istifadə edilməsidir.
Dövlətimizin başçısı Prezident Şavkat Mirziyoyevin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və Qarabağa investisiyaların cəlb olunmasında göstərdiyi xüsusi dəstəyi də qeyd edib. Özbəkistan tərəfindən Füzuli şəhərində Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndi şəhərində tikiş fabrikinin yaradılmasına investisiya yatırılması iki ölkə arasındakı qardaşlıq münasibətlərinin mühüm nümunələrindəndir. Qarabağda həyata keçirilən ilk böyük sənaye layihələrindən birinin Özbəkistanla əlaqəli olması da bu əməkdaşlığın xüsusi əhəmiyyətini göstərir. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində yeni qarşılıqlı əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün imkanlar mövcuddur.
Səfər çərçivəsində regionlararası əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirilib. Daşkənddə keçirilmiş Azərbaycan–Özbəkistan regionlararası əməkdaşlıq forumu bu baxımdan mühüm platforma kimi qiymətləndirilir. Regionlar arasında birbaşa əlaqələrin genişləndirilməsi, biznes subyektləri arasında əməkdaşlığın artırılması və yeni investisiya layihələrinin təşviqi iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verir.
Prezident İlham Əliyev qarşıdakı dövr üçün konkret fəaliyyət planının mövcud olduğunu bildirib. Artıq müxtəlif layihələrlə təmin edilmiş investisiya fondunun imkanları, Azərbaycanın turizm və avtomobil sənayesinə yatırılan investisiyalar, eləcə də digər birgə təşəbbüslər əməkdaşlığın maliyyə və iqtisadi miqyasının daha da böyüyəcəyini göstərir. Layihələrin yalnız Bakı və Daşkəndlə məhdudlaşmaması, digər şəhər və regionları da əhatə etməsi qarşılıqlı əməkdaşlığın geniş regional xarakter daşıdığını nümayiş etdirir.
Dövlətimizin başçısı qeyd edib ki, investisiyalar, bir qayda olaraq, dost və qardaş ölkələrə, əlverişli investisiya mühitinin formalaşdığı dövlətlərə yönəldilir. Bu baxımdan Özbəkistanda həyata keçirilən islahatların və yaradılmış investisiya mühitinin əhəmiyyəti xüsusi qeyd olunub. Prezident Şavkat Mirziyoyevin islahatları, siyasi iradəsi və ardıcıl fəaliyyəti nəticəsində Özbəkistanın beynəlxalq maliyyə qurumları və qlobal investorlar üçün daha əlverişli və cəlbedici ölkəyə çevrildiyi vurğulanıb.
2026-cı il avqustun 23-də Daşkənddə keçirilmiş Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası da ikitərəfli münasibətlərin inkişafında mühüm hadisə olub. Səfər zamanı Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltif olunması iki ölkə rəhbərləri arasında yüksək səviyyəli münasibətlərin daha bir ifadəsi kimi diqqət çəkib. Prezident Şavkat Mirziyoyev dövlətimizin başçısını Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə, Prezident İlham Əliyev isə Özbəkistan Prezidentini “Heydər Əliyev” ordeni ilə təltif edib.
Səfər çərçivəsində müxtəlif istiqamətləri əhatə edən çoxsaylı sənədlərin imzalanması və mübadiləsi də Azərbaycan–Özbəkistan əməkdaşlığının hüquqi bazasının daha da genişləndirilməsinə xidmət edir. Bu sənədlər qarşılıqlı əlaqələrin yeni sahələrə istiqamətlənməsinə və əldə edilmiş razılaşmaların konkret layihələr vasitəsilə reallaşdırılmasına əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin dostluq və qardaşlıq prinsipləri əsasında ardıcıl şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirib. Mövcud möhkəm siyasi əlaqələr, qarşılıqlı etimad, geniş iqtisadi əməkdaşlıq və həyata keçirilən birgə layihələr iki ölkənin münasibətlərinin gələcəkdə də daha yüksək səviyyəyə qalxacağına əsas verir. Dövlətimizin başçısının Prezident Şavkat Mirziyoyevə Azərbaycana dövlət səfəri ilə bağlı dəvəti isə ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






