Bala Ərəblər kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Bala Ərəblər kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illər kənd qazlaşdırılmış, kəndin ərazisində 10 km açıq dren-kanallar lildən təmizlənmiş, kənddə köhnə məktəbə yaxın hissədə yeni 96 yerlik modul tipli müasir məktəb tikilmiş, kənddaxili 3 km yol vaxtaşırı qreyderlə hamarlanaraq hərəkətin rahatlığı təmin edilmişdir. 2022-ci ildə 60 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 180 ton pambıq istehsal edilmişdir. İnzibati ərazi dairəsində 2 nəfər kümçü 7 qutu barama götürüb saxlamış, 300 kq barama istehsal edilmişdir. 2023-cü ildə 50 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, 30 ha sahədə şum aparılmışdır. Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Cümşüd Qasımov Bala Ərəblər kəndinin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması və kəndin baş yolunun 2 km hissəsinin asfaltlaşdırılması, Siyavuş Rüstəmov Bala Ərəblər kəndində özünə məxsus əkin sahəsinin kənarından çəkilmiş 600 metr uzunluqda suvarma arxının lildən təmizlənməsi, Əjdər Mənsimov Bala Ərəblər kənd qəbirstanlığında talvar tikilməsi, Elgiz Pənahlı Bala Ərəblər kəndinin baş yolundan kənd qəbirstanlığına qədər olan 600 metr uzunluqda yolun asfaltlaşdırılması, Qərib Məmmədov Vətən müharibəsinin iştirakçısı olan oğluna inzibati ərazi dairəsinin Qaraqoyunlu kəndində həyətyanı torpaq sahəsinin verilməsi barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.