Bərdə rayon İcra Hakimiyyəti başçısının Qullar kəndində səyyar qəbul-görüşü keçirilib
24 fevral 2025 | 12:50
Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Qullar kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması, kəndin “64 ha” adlanan sahədə pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, 1332 reper nömrəli subartezian quyusunun dərinlik nasosunun məhsuldarlığı zəif olduğu üçün daha güclü nasosla əvəz olunması, 3 km uzunluqda əsas yolun asfaltlanması, əlilliyin müəyyən olunması, maddi yardım edilməsi, işlə təmin olunma ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.