Bərdə rayon İcra Hakimiyyəti başçısının Saatlı kəndində səyyar qəbul-görüşü keçirilib
04 aprel 2025 | 10:51
Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Saatlı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, kənddə 60 hektar pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, qəzalı vəziyyətdə olan 1 ədəd elektrik dirəyinin dəyişdirilməsi, işlə təmin olunma, maddi yardım edilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.