Bərdə Rayon İcra Hakimiyyətində Azərbaycanda din və dövlət arasındakı əməkdaşlıq mövzusunda tədbir keçirilib
03 oktyabr 2024 | 11:32
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, RİHB aparatı yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfurə Hümbətova, rayonun Axundu Ramazan Hüseynov, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Yevlax bölgəsinin əməkdaşı Məhəmməd Rəşidov və din xadimləri iştirak ediblər.
Tədbirdə din və dövlət arasında əməkdaşlığın vacibliyi və bu istiqamətdə gələcək işlər müzakirə olunub. Tədbir zamanı Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövlət-din münasibətlərində tarazlığın qorunması məsələləri geniş müzakirə olunub. Həmçinin Mehriban Əliyevanın davamlı olaraq təşəbbüsü ilə milli-mədəni irsimizin necə qorunduğu və bu istiqamətdə aparılan genişmiqyaslı layihələrin önəmi qeyd edilib.
Tədbirin əsas hissəsində RİHB aparatına yeni təyin olunmuş İctimai-siyasi və humanitar məsələlər şöbəsinini müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Leyla Mehtiyeva iştirakçılara təqdim olunub. Leyla Mehtiyeva çıxışında din və dövlət arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, dini dəyərlərin və dövlət siyasətinin vəhdəti haqqında geniş məruzə edib.
Sonda dini və dünyəvi dəyərlərin harmoniyası, bu siyasətin gələcək nəsillərə ötürülməsi və dinlə dövlət arasında əməkdaşlığın davamlı inkişafı mövzuları ətrafında fikir mübadiləsi aparılıb.