Bərdə Rayon İcra Hakimiyyətində yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılması mövzusunda təhsil işçiləri ilə maarifləndirici görüş keçirilib.
26 sentyabr 2025 | 11:06
25 sentyabr 2025-ci il tarixində Bərdə Rayon İcra Hakimiyyətinin və Bərdə Polis Şöbəsinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin inzibati binasında yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılması mövzusunda təhsil işçiləri ilə maarifləndirici görüş keçirilib.
Görüşdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayon Polis şöbəsinin rəisi Ənvər Həsənov, QRTİ-nin rayon sektorunun müdiri Qurban Məmmədov, rayon Polis şöbəsində uşaq inspektoru Arzu Rəşidzadə, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti iştirak ediblər.
RİH-in başçısı Vidadi İsayev çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. V. İsayev narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından qarşıda duran əsas vəzifələrdən biri olduğunu, keçirilən silsilə maarifləndirici tədbirlərin yeniyetmələrin zərərli vərdişlərdən uzaq durmalarında böyük əhəmiyyət daşıdığını qeyd edib.
Rayon Polis şöbəsinin rəisi Ənvər Həsənov çıxış edərək narkomaniya və zərərli vərdişlərin fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumatlar verib, yeniyetmə gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb. Sağlam həyat tərzinin alternativi olmadığı, şagirdlərdə bu həyat tərzinin formalaşdırılması yönümündə ailə-məktəb münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı inam və sağlam əlaqələrin qurulması istiqamətində inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Rayon təhsil sektorunun müdiri Qurban Məmmədov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.
O, erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da danışıb, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz açıb. Təhsil müəssisələrində bu mövzuların daim diqqətdə saxlanıldığını bildirib.
Sonra rayon Polis şöbəsində uşaq inspektoru Arzu Rəşidzadə çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, təhsildən yayınma hallarından,erkən nikah və onun yaratdığı fəsadlardan, məktəbdə yeniyetmə gənclər arasında qanuna zidd davranışlardan bəhs edib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.






