Bərdə Rayon İcra Hakimiyyətinin başçısı ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş məzunlarla görüşüb
Sentyabrın 8-də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayon üzrə qəbul imtahanlarında 650-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüşüb.
Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, ETİHİ-nin Bərdə rayon komitəsinin sədri Misir Ənvərli, məktəb direktorları və yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Görüş zamanı 2025–2026-cı tədris ili üzrə Bərdədə təhsil sahəsində əldə olunan nəticələrdən söz açılıb. Bildirilib ki, hesabat dövründə rayon üzrə 1919 nəfər XI sinif şagirdi məzun olub. Onlardan 44 nəfəri fərqlənmə attestatı, 3 nəfəri isə xüsusi nümunəli attestat (qızıl medal) alıb. IX sinfi bitirən 2600 məzundan 62 nəfəri fərqlənmə attestatına layiq görülüb.
Qeyd olunub ki, ali təhsil müəssisələrinə 777 nəfər sənəd verib, onlardan 688 nəfəri qəbul olub. Qəbul olunanlar arasında 81 nəfər 500–599 bal, 35 nəfər 600–650 bal, 10 nəfər isə 650-dən yuxarı bal toplayıb. Bununla yanaşı, 102 nəfər orta ixtisas təhsili müəssisələrinə, 42 nəfər isə peşə məktəblərinə qəbul olunub.
Bildirilib ki, əldə olunan yüksək göstəricilər şagirdlərin məqsədyönlü hazırlığı, müəllimlərin fədakar əməyi, valideynlərin dəstəyi və ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir. Bərdədə təhsil sahəsində ənənəvi olaraq yüksək nəticələrin əldə olunmasının gənclərin elm və təhsilə olan marağının göstəricisi olduğu vurğulanıb.
Çıxış edənlər yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş məzunları təbrik edib, onlara seçdikləri ixtisas üzrə uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayıblar. Məzunlar da öz növbəsində qazandıqları nəticədən, gələcək təhsil planlarından və qarşılarına qoyduqları məqsədlərdən bəhs ediblər.
Sonda məzunlara Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.






