Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Körpüsındıran kəndində səyyar qəbul-görüşü keçirildi
04 mart 2024 | 14:37
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Körpüsındıran kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə 1 ədəd artezian quyusunun qazılması, qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz olunması, təbii qaz boru xəttinin yerinin dəyişdirilməsi, birdəfəlik maddi yardım olunması, işlə təmin olunma, Ünvanlı Dövlət Sosial yardımı alınmasına köməklik göstərilməsi, subartezian quyusuna texniki şərt verilməsi, Muğanlı kənd tam orta məktəbinə əlavə korpus tikilməsi, əkinə yararlı torpaq sahəsi verilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.