Bərdə Rayon İcra Hakimiyyətinin növbəti tədbiri şəhid A. Mustafayev adına şəhər 5 nömrəli məktəbdə keçirilmişdir
14 oktyabr 2022 | 12:40
“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı növbəti tədbir şəhid A. Mustafayev adına şəhər 5 saylı tam orta məktəbin direktoru Teymur Həmidovun təşkilatçılığı ilə ”Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilmişdir.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir Ulu öndər Heydər Əliyevin səsi ilə verilmiş Azərbaycan dövlətinin ərazi bütövlüyü və müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı fikirləri ilə başlamışdır. Teymur Həmidov çıxış edərək qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev həyatını canından artıq sevdiyi xalqına, vətəninə həsr etmiş müdrik dövlət xadimi kimi adını tariximizə, həm də müstəqilliyimizin memarı, yəni Azərbaycanın banisi kimi yazmağı bacaran bir şəxsiyyət olub. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır.
Bərdə RİH nümayəndəsi
Şəmsiyyə Abbaszadə mövzunun aktuallığını və əhəmiyyətini xüsusi vurğulamış, Heydər Əliyev irsinin öyrənilməsinin və təbliğinin vacibliyini qeyd edərək bildirmişdir ki, keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarından, onun xilaskarlıq missiyasından və əbədiyaşarlığından, bu gün ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirərək böyük Zəfərlərə, qələbələrə imza atmasından danışmışdır.
Sonra şəhər 5 saylı tam orta məktəbin direktor müavini Zərifə Məmmədova, həmçinin Daxili Qoşunların zabiti Zülfüqar Quliyev çıxış edərək bildirmişlər ki, ölkədə qazanılan bütün nailiyyətlər, qələbələrin əsasında Ümummilli Lider Heydər Əliyevin nurlu ideyaları dayanır, bütün Azərbaycan xalqı bu ideyaları layiqincə yerinə yetirərək dövlətimizi dünyada nüfuz sahibinə çevirən cənab İlham Əliyevin ətrafında sıx birləşib.
Sonda məktəbin şagirdləri ulu öndər Heydər Əliyevə həsr edilmiş kompozisiya nümayiş etdirmişlər.