Bərdə rayon Mədəniyyət Mərkəzində “N” nömrəli hərbi hissəsinin beşinci taborunun yaradılmasının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
01 noyabr 2022 | 15:16
Tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə rayon İcra Hakimiyyəti, Birinci Qarabağ müharibəsinin veteranları, Vətən müharibəsinin qaziləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.
Çıxış edən Qarabağ müharibəsi veteranları-keçmiş hərbi hissə komandiri Gəray Əsədov və döyüş yoldaşları taborun keçdiyi döyüş yolu, ordu quruculuğu, ordumuzun müasir inkişaf tarixi barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmiş, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçmişdir. Ümummilli liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan uğurlu siyasətin məntiqi nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Sonra beşinci taborunun şəhidlərinin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin kollektivi tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda bədii hissə ilə davam edib.