Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda baramaçılığın inkişafı məqsədilə kümçülərə tut-ipək qurdu paylanılması ilə bağlı tədbir keçirilib.

04 may 2026 | 16:11

Tədbirdə çıxış edənlər son illərdə ölkəmizdə aqrar sahəyə, o cümlədən baramaçılığa göstərilən dövlət dəstəyindən bəhs edərək, bu sahənin kənd əhalisinin məşğulluğunun artırılmasında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, baramaçılığın inkişafı həm də qeyri-neft sektorunun gücləndirilməsinə xidmət edir.

Tədbirdə iştirak edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək bildirib ki, rayonda baramaçılığın inkişafı, eləcə də barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, kümçülərə hərtərəfli dəstək göstərilir, onların fəaliyyətinin genişləndirilməsi, barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi üçün zəruri şərait yaradılır. Vidadi İsayev qeyd edib ki, bu il rayon üzrə kümçülərə ümumilikdə 400 qutu tut-ipək qurdu paylanılması nəzərdə tutulur.

Eyni zamanda tədbirdə icra nümayəndələri və bələdiyyə sədrləri də iştirak ediblər. Onlara kümçülük təsərrüfatlarında yem bazasının gücləndirilməsi, küm yerlərinə mütəmadi baxış keçirilməsi, həmçinin ipəkqurdunun sağlam inkişafının təmin olunması məqsədilə dezinfeksiya işlərinin vaxtında və düzgün aparılmasının vacibliyi xüsusi olaraq diqqətə çatdırılıb.

Tədbirdə həmçinin kümçülərə ipəkqurdunun bəslənməsi, düzgün qulluq qaydaları və məhsuldarlığın artırılması istiqamətində tövsiyələr verilib, onların sualları cavablandırılıb.

Sonda bildirilib ki, həyata keçirilən tədbirlər, o cümlədən barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi nəticəsində Bərdə rayonunda barama istehsalının daha da artacağı və bu sahədə uğurlu nəticələrin əldə olunacağı gözlənilir.

Keçidlər