Bərdə rayonunda Cənab Prezident İlham Əliyevin doğum günü münasibətilə məktəblilər arasında II ənənəvi intellektual turnir keçirilib
Gənclərin intellektual potensialının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili və dövlətçilik dəyərlərinə bağlılığın möhkəmləndirilməsi məqsədilə Bərdə Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Bərdə region nümayəndələrinin və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə F.M.Muradov adına 7 saylı tam orta məktəbdə Bərdə məktəbliləri arasında II ənənəvi intellektual turnir baş tutub.
Turnirdə Bərdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, Uşaq Səfirlər Məclisinin Bərdə region nümayəndələri Əlizadə Kənan və Əliyeva Zəhra, YAP Bərdə rayon təşkilatının əməkdaşı Aysel Verdiyeva, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, məktəbin direktoru Mehparə Mustafayeva, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirin açılışında çıxış edənlər ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, intellektual yarışların məktəblilərin bilik və dünyagörüşünün artırılmasında rolundan bəhs etmiş, bu cür tədbirlərin gənclərdə milli-mənəvi və dövlətçilik dəyərlərinə bağlılığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulamışlar.
Bilik yarışının nəticələrinə əsasən I yerə Akademik Zərifə Əliyeva adına liseyin komandası, II yerə N.Nərimov adına 3 saylı tam orta məktəbin komandası, III yerə isə Şəhid Alı adına 5 saylı tam orta məktəbin komandası layiq görülüb. Qaliblər diplomlarla təltif olunub.






