Bərdə rayonunda əmək yarmarkası keçirilib
22 oktyabr 2026 | 16:37
20 oktyabr 2026-cı il tarixində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Əmək yarmarkası çərçivəsində ilk olaraq Bərdə Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının, Qarabağ Peşə Hazırlıq Mərkəzinin, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin və işəgötürən müəssisələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.
Görüş zamanı müvafiq qurumların nümayəndələri tərəfindən təqdimatlar keçirilib, məşğulluq imkanları, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb.
Əmək yarmarkasında 15 işəgötürən müəssisə tərəfindən 80-ə yaxın vakansiya təqdim edilib. Tədbirdə iştirak edən 400-ə yaxın vətəndaş vakansiyalarla tanış olub, bilik və bacarıqlarına uyğun iş imkanları ilə bağlı müraciətlər edib.
Bu cür tədbirlər əhalinin məşğulluğunun artırılması, işaxtaran vətəndaşlarla işəgötürənlər arasında birbaşa əlaqələrin qurulması, eləcə də vətəndaşların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






