Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?” mövzusunda maarifləndirici tədbir keçirilib

18 dekabr 2025 | 10:08

Tədbir Bərdə Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Bərdə şəhəri Milli Qəhrəman E.Kərimov adına 4 saylı tam orta məktəbdə keçirilmişdir.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Mehtiyeva, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov, DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Bərdə şəhəri Milli Qəhrəman E.Kərimov adına 4 saylı tam orta məktəbin direktoru Gülnarə Əliyeva, müəllimlər və şagirdlər iştirak etmişdirlər.

Çıxış edənlər dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək radikalizm və ekstremizmin qarşısının alınmasında maarifləndirmənin önəmini xüsusi qeyd ediblər. Həmçinin milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barədə söhbət aparılıb.

Natiqlər vurğulayıblar ki, radikalizmi doğuran başlıca səbəblərdən biri də İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Çıxış edənlər bu cərəyanların gənclərə psixoloji təsir üsulları barədə məlumat vermiş, həmçinin yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs etmişdirlər. Qeyd olunmuşdur ki, harada olmağından və kimliyindən asılı olmayaraq hər kəs bəşəriyyət üçün böyük təhlükə sayılan zorakılığı, radikalizmi, terroru qınamalı, ailədən cəmiyyətədək bütün sosial mühitlərdə hər şeyin qarşılıqlı anlayış və sülh çərçivəsində həll edildiyi mühitin formalaşmasına səy göstərməlidir.

Sonda mövzu ilə bağlı film nümayiş etdirilmiş, tədbir iştirakçılarının sualları cavablandırılmış və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər