Bərdə rayonunda Şəhidlər Xiyabanında və Bərdə Terror qurbanları abidəsinin önündə 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 sentyabr 2023 | 16:30
Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə Vətən müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzüldü, xatirəsi yad olundu, ruhlarına dualar oxundu.
Tədbir Şəhidlər Xiyabanında uyuyan şəhidlərin məzarları üzərinə tər güllər düzülməklə davam etdi.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.
Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmənin “Smerc” tipli raketlərdən zərbə endirdiyi Bərdə rayonunda da anım mərasimləri keçirilir, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur.
Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışdı. Bildirdi ki, bu gün Azərbaycan tarixinə Vətən müharibəsinin başlanğıc günü kimi həkk olunub. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edildi. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadığın olundu. Ordumuz bütün cəbhə boyu irəlilədi və düşmən Azərbaycan əsgərinin qarşısında diz çökdü.
Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atdı.
Vətən müharibəsi başlanan ilk gündən bütün Azərbaycan oğulları silaha sarılıb Vətənin müdafiəsinə qalxdı, 30 il Ermənistanın işğalı altında inləyən torpaqlarımızı mənfur düşməndən azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında vahid komandanlıq altında bir yumruq kimi birləşərək düşmənə ağır zərbələr endirdi. Biz bu müharibəyə atılanda bircə məqsədimiz var idi: torpaqlarımızı düşməndən geri almaq və biz buna nail olduq.
Sonra Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.