Bərdə rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub
Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 22-ci ildönümü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, eləcə də rayon sakinləri Bərdənin əsas meydanında və Heydər Əliyev adına Park bulvarda ucalan Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Anım mərasimindən sonra Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti, şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, xalqın qarşısındakı misilsiz xidmətlərindən və onun Bərdə rayonuna səfərlərinin əhəmiyyətindən danışıblar.
Həmçinin Ulu Öndərin Bərdəyə səfərləri zamanı onunla ünsiyyətdə olmuş bir sıra rayon ziyalıları həmin dövrə dair xatirələrini bölüşərək onun humanist yanaşmasını və yüksək mənəvi keyfiyyətlərini qeyd ediblər.
Anım mərasimi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramla yekunlaşıb.






