Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda Vətən müharibəsi şəhidlərinin və əlillərinin, iştirakçılarının ailələrinə göstərilən xidmətin daha da yaxşılaşdırılmasına həsr olunmuş tədbir keçirilmişdir.

19 sentyabr 2022 | 11:01

19 sentyabr 2022-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyətində rayonda Vətən müharibəsi şəhidlərinin və əlillərinin, iştirakçılarının ailələrinə göstərilən xidmətin daha da yaxşılaşdırılmasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev, başçının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ağsaqqallarının bir qrupu iştirak etmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində zəfəri, torpaqlarımızın erməni vandalizminin əsarətindən qurtarmasında göstərdiyi rəşadət, Azərbaycan Ordusunda xidmət edən Bərdə rayonundan olan əsgər və zabitlərinin keçdiyi döyüş yolu barədə məlumat verdi. İkinci Vətən müharibəsində Azərbaycan ərazisində olan erməni silahlı qüvvələri ilə mübarizədə Bərdə rayonundan olan 51 nəfər əsgər və zabit şəhidlik zirvəsinə yüksəlmiş, 57 nəfər əlil olmuşdur. Erməni terroru nəticəsində rayon sakinlərindən 22 nəfər mülki şəxs şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 9 şəhid ordenlə, əlil və iştirakçı rayon sakinləri 3 orden və 1975 medalla təltif edilmişdir. Bütün şəhid və əlil, iştirakçı ailələri daima diqqət və qayğı ilə əhatə olunmuşdur. 94 şəhid və əlil ailəsi mənzil növbəsinə götürülmüş, şəhidlərin adının əbədiləşdirilməsi üçün 57 bulaq kompleksi tikilmiş, 7 küçəyə şəhid adı verilmişdir. Hər bir şəhidin ad günlərində rayon İcra Hakimiyyəti başçısı, başçı aparatının məsul işçiləri şəhidin ailəsini ziyarət edirlər. Son günlər erməni təcavüzünün növbəti dəfə qarşısının alınmasında rayondan olan hərbiçilərdən 1 nəfəri şəhid olmuş, 8 nəfər yaralanmışdır. Rayon İcra Hakimiyyətinin başçısının rəhbərliyi ilə rayon fəalları şəhidin dəfn mərasimində iştirak etmiş, rayon İcra Hakimiyyəti tərəfindən şəhidin yas mərasimləri təşkil olunmuşdur. Tədbirdə rayon ağsaqqalı İkram Ziyadov çıxış etmişdir. Tədbirdə Vətən müharibəsi şəhidlərinin və əlillərinin, iştirakçılarının ailələrinə göstərilən xidmətin daha da yaxşılaşdırılmasına yönəlmiş göstərişlər verilmişdir.

Keçidlər