Bərdə rayonunda yeniyetmə və gənclərə “Qızıl Sidney” filmi təqdim olundu.
Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində Olimpiya çempionu Namiq Abdullayev haqqında çəkilmiş “Qızıl Sidney” filminin Bərdə rayonunda nümayişi gerçəkləşdirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözləri ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi Isayev bildirib ki, bu gün uşaq, yeniyetmə və gənclər arasında aparılan bu təbliğat işləri, onların vətənpərvərlik ruhunda tərbiyə almaları üçün vacibdir. Olimpiya çempionlarımızla yeniyetmə və gənclərimizin birbaşa ünsiyyətini təşkil etməklə onların milli ruh və qürur hissini formalaşdıran insanları yaxından tanımalarına imkan yaradılır. Onun sözlərinə görə, Azərbaycan himnini səsləndirən, bayrağımızı yüksəkliklərə qaldıran Olimpiya çempionlarımızı tanımaq gənclərimiz üçün unudulmaz xatirə olaraq qalacaq. Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə təqdim olunduqdan sonra Sidney-2000 Yay Olimpiya Oyunlarının güləş üzrə Olimpiya çempionu Namiq Abdullayevə həsr olunan “Qızıl Sideny” filmi izlənilib. Tədbir zamanı Olimpiya çempionu Namiq Abdullayev görüş iştirakçılarının suallarını cavablandırıb. Bərdə rayon İcra Hakimiyyətinin akt zalında keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin sertifikatları təqdim olunub. Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşdırılan bu layihə, MOK-un, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.