Bərdə rayonundan olan Aprel Döyüşləri şəhidləri dərin hüznlə yad edilmişdir.
Bu günlərdə Bərdə rayonundan Aprel Döyüşləri şəhidləri baş leytenant Ziya Niyazi oğlu Həsənovun və kiçik çavuş Səbuhi Rəfael oğlu Musayevin şəhadətinin ildönümü münasibəti ilə YAP Bərdə rayon təşkilatının “H.Əliyev prospekti” ərazi ilk partiya təşkilatının sədri Liza Cabbarova və partiya üzvləri ilə birlikdə şəhidlərimizin məzarını ziyarət edib, məzarı önünə əklil və tər qərənfillər düzərək onların əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Qeyd edək ki, şəhid Ziya Həsənov 11 oktyabr 1989-cu ildə Ağdam şəhərində anadan olmuşdur. 2 aprel 2016-ci il tarixində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ziya Həsənov ölümündən sonra Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "lll dərəcəli Hərbi xidmətdə fərqlənməyə görə" dərəcəli medalı ilə təltif edilib. Şəhid Ziya Həsənov Bərdə Şəhidlər xiyabanında dəfn olunub.
Şəhid Səbuhi Musayev 16 iyun 1987-ci ildə Bərdə rayon Mustafaağalı kəndində anadan olub. 2 aprel 2016-cı ildə isə Azərbaycanın tarix salnaməsinə "Aprel döyüşləri" kimi yazılan o gündə Silahlı Qüvvələrin kiçik çavuşu olaraq şəhidlik zirvəsinə ucalmışdır. Səbuhi Musayev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Şəhid Səbuhi Musayev rayonun Mustafaağalı kənd qəbiristanlığında dəfn olunub.
YAP Bərdə rayon təşkilatı “H.Əliyev prospekti” ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə keçirilən Aprel döyüşlərinin il dönümündə YAP fəalları, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, yaxınları iştirak etmişlər.
Anım mərasiminin iştirkaçıları öz çıxışlarında YAP-ın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətindən, xalqımızın sarsılmaz birliyindən və müzəffər ordumuzun peşəkarlığından söz etmişdir. Eyni zamanda Aprel döyüşlərinin 2020-ci il 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizin başlanğıcı olduğunu vurğulamış, Ziya Həsənov və Səbuhi Musayevin timsalında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda öz canından keçən bütün şəhidlərimizə uca Allahdan rəhmət, ailələrinə isə səbr diləmişlər.
Aprel döyüşləri şəhidləri Ziya Həsənovun atası Niyazi Həsənov və Səbuhi Musayevin anası Reyhan Musayeva öz çıxışlarında möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində hər zaman şəhid ailələrinə göstərilən diqqət və qayğıdan öz məmnunluqlarını ifadə etmişlər.
Sonda Bərdə şəhər Akademik Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəb şagirdlərinin hazırladığı kompozisiya təqdim edilmişdir.