Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə şəhər 5 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Alı Mustafayevin anadan olmasının 70 illiyi təntənə ilə qeyd edildi.

14 aprel 2022 | 08:50

Bərdə şəhər 5 saylı tam orta məktəb şəhid Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin adını daşıyır. Həmin məktəbdə onun anadan olmasının 70 illiyi böyük  təntənə ilə qeyd edildi.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon Təhsil şöbəsinin müdir əvəzi Ədalət Ismayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, QMƏVŞAİB rayon şöbəsinin sədri Etibar Hüseynova, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.
Tədbir məktəbin həyətində Milli Qəhrəman Ali Mustafayevin büstünün ziyarət olunması ilə başlandı. Tədbir iştirakçılarından bir qrupu büstün önünə tər qərənfillər düzərək Alı Mustafayevə ehtiramlarını bildirdilər.
Sonra məktəblilərin hazırladıqları sərgiyə baxış keçirildi.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Dövlət Himni səsləndirildi. Məktəbin “Şahinlər” hərbi idman qrupunun üzvləri tədbir iştirakçılarına hərbi salamlarını çatdırdılar.
Tədbiri məktəbin direktor müavini Zərifə Məmmədova açdı. Məktəbin direktoru Teymur Həmidov tədbir iştirakçılarını salamladı və bildirdi ki, bütün şəhidlərin adının uca tutulması, onların ailələrinə baş çəkilməsi, məktəbdə onlarla və qazilərlə görüşlərin keçirilməsi və adını daşıdığı Alı Mustafayevin anım və ad günlərinin təntənəli qeyd edilməsi bu məktəbdə ənənə halını alıb.  Bunlar məktəblilərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların hərbi möhkəmlik ruhunda böyüməsində çox böyük rol oynayır.
Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalq ordu birliyinin sarsılmaz gücü ilə torpaqlarımızın işğaldan azad edilməsi ilə  həm Birinci Qarabağ müharibəsində, həm də 44 gün çəkən Vətən müharibəsində şəhid olan bütün oğulların, o cümlədən  şəhid Alı Mustafayevlə birgə Qarakənd faciəsində həlak olan digər Vətən oğullarının  qisasının alındığından danışdı. Bugün onların ruhu rahatdır dedi.
Daha sonra çıxış edən rayon Təhsil şöbəsinin müdir əvəzi Ədalət İsmayılov,  QMƏVŞAİB rayon təşkilatının sədri Etibar Hüseynova, rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Respublikanın Əməkdar müəllimi Minayə  Nəbbaqi, məktəbin hərbi müəllimi, Vətən müharibəsi iştirakçısı Elçin Mustafayev Milli Qəhrəman Alı Mustafayevin cəsarətli jurnalistlik fəaliyyətindən, Vətən sevgisindən, igid, qəhrəman ömür yolundan geniş söhbət açdılar.
Tədbir məktəblilərin hazırladıqları kompozisiyanın nümayişi ilə başa çatdı.

Keçidlər