Bərdə şəhər 7 saylı məktəbdə Aprel və Vətən müharibəsi şəhidlərinin xatirəsinə siniflərə onların adlarının verilməsi tədbiri keçirilmişdir.
Bərdə şəhər 7 saylı tam orta məktəb şəhid F. Muradovun adını daşıyır. Məktəbin müəllim və şagird kollektivi YAP Bərdə rayon təşkilatı ilə birgə daim şəhid ailələrinə baş çəkmək, onların ailəsində olmaq, qazilərlə və şəhid ailələri ilə görüş keçirmək ənənəsinə sadiq qalır. Bu mənada məktəb rayonda hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində müxtəlif tədbirlərin keçirilməsinin təşəbbüskarlığı ilə daim seçilir. Bu günlərdə məktəbdə müxtəlif siniflərə şəhid adlarının verilməsi ilə bağlı böyük əhəmiyyətə malik yaddaqalan tədbir keçirilmişdir.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyəti Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, məktəbin direktoru, “C.Cabbarlı küçəsi” ərazi ilk partiya təşkilat sədri Mehparə Mustafayeva, rayon UGİM-in direktoru Aynurə Əyyubova və şəhid ailələri çıxış etmiş, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sarsılmaz xalq Ordu birliyinin gücü ilə qazanılan böyük Qələbədən danışmış, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və ölkənin birinci Vitse prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Tədbir zamanı iştirakçılar hər bir sinifdə olmuş, adları verilən Aprel şəhidi Səbuhi Musayevin, Vətən müharibəsi şəhidləri Fəxri Qəribzadə, Elyaz Qarayev, Rəşad Nadimov, Elməddin Hüseynzadə və Asif Abışov üçün ayrıca yaradılmış onların qısa ömür və döyüş yollarını əks etdirən guşə ilə tanış olmuş, böyüdülmüş portretləri önünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər. Hər sinifdə məktəblilərin hazırladıqları kompozisiya nümayiş olunmuşdur.