Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə Birinci Qarabağ müharibəsi şəhidi Qədirov Qulam Əkbər oğlunun anım günü tədbiri keçirilib.
29 noyabr 2024 | 15:43
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhadətə ucalan Qulam Əkbər oğlu Qədirovun anım günü münasibətilə N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsi, həmçinin şəhidin adına sinif otağının verilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdən öncə Vətən uğrunda həlak olan bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Bərdə RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, SHXÇDX-in rayon şöbəsinin əməkdaşı Əziz Məmmədov, şəhid ailələri, şəhidin döyüş yoldaşları, məktəblilər və QHT-nin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər şəhidin döyüş və həyat yolundan bəhs edərək Azərbaycan əsgərinin qəhrəmanlıq və vətənpərvərlik nümunəsi olduğunu vurğulayıblar. Tədbirdə şəhid Qulam Qədirovun adına hazırlanmış xatirə bukletləri və diplomlar tədbir iştirakçılarına təqdim edilib.
Qeyd edək ki, Qulam Qədirov 27 noyabr 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirib.
1990–1991-ci illərdə Özbəkistanın Çirçik şəhərində Sovet Ordusunda xidmət edib. Bərdə rayon Hərbi Komisarlığı tərəfindən 10 may 1991-ci ildə Milli Orduya çağırılıb.
1993-cü ilin oktyabrına qədər 703 saylı hərbi hissədə xidmət edib. Xüsusən Ağdərə döyüşlərində qumbaraatan kimi fəallıq göstərib.Bundan sonra Qulam Qədirov 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunda qumbaraatan vəzifəsində Ağdərə, Laçın, Kəlbəcər istiqamətində gedən döyüşlərin iştirakçısı olub.
19 yanvar 1994-cü ildə Kəlbəcər rayonu ərazisində "Qızılqaya" yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
Qulam Qədirov 20 yanvar 1994-cü ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!