Bərdədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib
Bərdə Rayon İcra Hakimiyyətinin, Bərdə Regional ASAN Xidmət Mərkəzinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bərdə Mədəniyyət Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva, Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Bərdə Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi Fərid Şükürov və şəhid anaları çıxış ediblər.
Çıxışlarda uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması, keyfiyyətli təhsil alması və milli-mənəvi dəyərlərə bağlı, vətəninə layiqli vətəndaş kimi formalaşmasının vacibliyi vurğulanıb. Bildirilib ki, ölkəmizdə uşaqların rifahının yüksəldilməsi, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlət uşaq siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüs və layihələri isə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə verir.
Bayram tədbiri çərçivəsində uşaqlar üçün maraqlı əyləncə proqramları təşkil olunub. Klounların iştirakı, müxtəlif oyunlar, uşaqlara şarların paylanılması və yaradılan şən ab-hava tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Sonda uşaq incəsənət məktəblərinin şagirdlərinin ifasında rəngarəng konsert proqramı və rəqs nömrələri təqdim olunub, həmçinin uşaqların iştirakı ilə hazırlanmış maraqlı tamaşa nümayiş etdirilib. Bir qrup müəllim və şagirdə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.






