Bərdədə 15 May Beynəlxalq Ailə Günü münasibətilə bayram tədbiri keçirilmişdir
14 may 2024 | 17:17
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə Mədəniyyət Mərkəzində 15 May Beynəlxalq Ailə Günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın üzvləri, nümunəvi, gənc və çoxuşaqlı ailələr, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbər və işçiləri, rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbir rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgiyə baxışla başlamışdır.
Öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra komissiyanın sədri Səfurə Hümbətova ailə dəyərləri mövzusunda ətraflı məruzə etmişdir. Beynəlxalq Ailə gününün əhəmiyyətindən danışaraq bildirmişdir ki, xalqımız ailə dəyərlərini daim uca tutur, onu mənfi təmayüllərdən qoruyaraq möhkəmləndirir.
Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Fərid Hacıyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasətinin bu gün ölkəmizdə uğurla davam etdirildiyindən danışmış, xalqımızın bir ailə kimi cənab İlham Əliyevin ətrafında sıx birliyini xüsusi vurğulamışdır.
Mövzu ətrafında Bərdə Regional "ASAN Xidmət" Mərkəzinin Qeydiyyat şöbəsinin müdiri Məftunə Əfəndiyeva çıxış edərək ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ailələr cəmiyyətin əsas aparıcı qüvvəsi kimi dövlətimiz tərəfindən qorunur və xüsusi himayə edilir.
Tədbirdə gənc ailələr adından - təzəcə ailə qurmuş Səxavət İsmayılov, qocaman ailələr adından - Ramiz Salmanzadə, çoxuşaqlı ailələr adından 17 uşaq atası Taleh İsgəndərova xatirə hədiyyələri təqdim edilmişdir.
Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı və Sabit Rəhmanın "Toy kimindi" adlı komediyası əsasında hazırlanmış tamaşa nümayişi ilə başa çatmışdır.