Bərdədə 15 May – Beynəlxalq Ailə Günü qeyd edilmişdir
Bərdə Rayon İcra Hakimiyyəti yanında yardılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın və Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bərdə Mədəniyyət Mərkəzində 15 May – Beynəlxalq Ailə Günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın üzvləri, nümunəvi və gənc ailələr, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Bərdə Rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfurə Hümbətova , Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbuhi Qasımov və Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Fərid Şükürov çıxış edərək ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin sağlam ailə ruhunda tərbiyəsi, ailədaxili münasibətlərdə qarşılıqlı hörmətin və uşaqların sağlam mühitdə böyüməsinin vacibliyindən bəhs etmişlər.
Tədbirdə nümunəvi və uzunömürlü, eləcə də gənc ailələr çıxış edərək ailə dəyərləri, qarşılıqlı hörmət və ailə birliyinin əhəmiyyətindən danışmış, xoşbəxt ailənin cəmiyyət üçün nümunə olduğunu bildirmişlər. Həmin ailələrə hədiyyələr təqdim olunmuşdur.
Tədbir Bərdə Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı və M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” əsəri əsasında hazırlanmış tamaşanın nümayişi ilə başa çatmışdır.






