Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib

27 sentyabr 2026 | 13:56

27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhidlər xiyabanında və Bərdə “Terror qurbanları” abidəsinin qarşısında anım tədbiri keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Vətən müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad olunub.
Daha sonra tədbir Şəhidlər xiyabanında davam etdirilib. Burada şəhidlərin məzarları ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirinin davamında 27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ərazidə ağaclar əkilib, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər görülüb. Ağacəkmə aksiyası şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, ətraf mühitin qorunmasına və rayonun yaşıllıq ərazilərinin artırılmasına xidmət edib.

Keçidlər