Bərdədə 28 May – Müstəqillik Günü münasibətilə dəyirmi masa təşkil olunub
28 May – Müstəqillik Günü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Sadiq Xəlilov iştirakçıları bayram münasibətilə təbrik edərək bildirib ki, 28 May Azərbaycan xalqının dövlətçilik tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir. O qeyd edib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi xalqımızın azadlıq və müstəqillik ideallarının təcəssümü olub. S.Xəlilov vurğulayıb ki, xalqımızın müstəqillik ənənələri bu gün də uğurla davam etdirilir, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir və Azərbaycan gündən-günə daha da güclənərək beynəlxalq aləmdə nüfuzunu artırır.
Sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva, RİH yanında İctimai şuranın üzvü Musa Muradlı, Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi Peyman Bədəlzadə və Bərdə Mədəniyyət Mərkəzinin bədii rəhbəri İlkin Cəfərov çıxış ediblər.
Çıxış edən natiqlər Azərbaycanın 1991-ci ildə yenidən qazandığı müstəqilliyin qorunub saxlanmasında, ölkəmizin daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər, müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar barədə danışıblar. Qeyd olunub ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ərazi bütövlüyü və suverenliyini tam bərpa edilmiş müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağı bu gün ölkəmizin bütün ərazisində dalğalanır.






