Bərdədə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir
Mayın 25-də Bərdə rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə “28 May – Azərbaycanın Müstəqillik Günü: Tarixi varislik və müasirlik” adlı tədbir keçirilmişdir.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbir iştirakçılarına mövzuya həsr olunmuş sənədli film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, dövlətçilik ənənələrimizdən və müstəqilliyimizin qorunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən bəhs etmişdir.
Daha sonra Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixindəki rolundan, Azərbaycanın müstəqillik yolundan və dövlətçilik ənənələrinin inkişafından danışmışdır.
Tədbirdə çıxış edən digər iştirakçılar da milli-mənəvi dəyərlərin qorunmasının, tariximizin təbliğinin və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulamışlar.
Sonda tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparmışlar.






