Bərdədə 44 günlük Vətən müharibəsi şəhidinin doğum günü mərasimi keçirilmişdir
03 yanvar 2024 | 10:09
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Qurbanov Rəcəb Elşən oğlunun doğum günü münasibətilə xatirəsi yad olunmuş, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.
Mərasimdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edənlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 44 günlük haqq savaşında əldə etdiyi uğurlardan, eyni zamanda sentyabrın 19-20-də Qarabağda aparılan "antiterror əməliyyatları"nda ölkəmizin suverenliyinin tam şəkildə bərpa edilməsindən söz açılmışdır.
Qeyd edək ki, çavuş Qurbanov Rəcəb Elşən oğlu 01.01.2001-ci il tarixində Bərdə rayon Kələntərli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Cəbrayılın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Qurbanov Rəcəb Elşən oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şücaətə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
Allahdan şəhidimizə rəhmət, ailə üzvlərinə səbir diləyirik!