Bərdədə Ağdam rayonundan olan polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir
30 may 2023 | 11:01
Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə ucalan Qənbərov Mehman Nəriman oğlunun doğum günü münasibəti ilə Şəhidlər xiyabanında əziz xatirəsi yad olunmuş, məzarı üzərinə tər gül dəstələri düzülmüş. Qəhrəman Azərbaycan oğlunun keçdiyi şərəfli döyüş yolundan bəhs olunan çıxışlar edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Qeyd edək ki, Mehman Nəriman oğlu Qənbərov 1981-ci il mayın 27-də Ağdam rayonunun Maqsudlu kəndində anadan olub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərib. Mehman Qənbərov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunmuşdur.
Azərbaycan Ordusunda yüksək səviyyədə xidmətlərinə görə
"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalları ilə qiymətləndirilmiş, ölümündən sonra isə "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allahdan şəhidimizə rəhmət, ailə üzvlərinə səbir diləyirik!