Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilib
07 noyabr 2024 | 16:39
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə rayon Bəcirəvan kənd tam orta məktəbdə “Ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, erkən və qohumlar arasında nikahların mənfi nəticələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Komissiyanın sədri Səfurə Hümbətova, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Leyla Mehtiyeva və Hüquq şöbəsinin əməkdaşı Natiq Səfərov, Mərkəzi rayon Xəstəxanasının həkim mama-ginekoloqu Aynur Həsənova və həkim-pediatr İfadə Alıyeva, psixoloq Naspəri Məmmədova, məktəbin pedaqoji heyəti, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirdə erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğu diqqətə çatdırılıb bildirilib ki, erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir. Bu həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Problemlərin həlli istiqamətləri müxtəlif ola bilər, lakin təcrübə göstərir ki, sosial məsələlərin həllində maarifçilik, insanlarla ünsiyyət, izahat işlərinin aparılması daha effektiv nəticə verir.
Sonda erkən nikahlardan çəkinmək və qohum evliliklərindən uzaq durmağın vacibliyi haqqında yekun tövsiyələr müzakirə edilib.