Bərdədə Azərbaycan polisinin yaranmasının 108 illiyi münasibətilə tədbir keçirilib
02 iyul 2026 | 16:21
Azərbaycan polisinin yaranmasının 108 illiyi münasibətilə Bərdə rayonunda tədbir keçirilib. Tədbirdən əvvəl Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra tədbir Bərdə Rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, polis veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan, ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyi fədakar xidmətlərdən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan polisi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hüquq-mühafizə siyasətini uğurla davam etdirərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir.
Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə xidməti fəaliyyətlərində fərqlənən bir nəfər polis əməkdaşına növbəti xüsusi rütbə verilib, bəzi polis əməkdaşları isə Fəxri Fərman, döş nişanı və pul mükafatı ilə təltif olunublar. Xidməti fəaliyyətində fərqlənən, vəzifə borclarını nümunəvi şəkildə yerinə yetirən bir qrup polis əməkdaşı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən Fəxri Fərmanla təltif olunub. Eyni zamanda, bir qrup polis əməkdaşına Bərdə Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Ənvər Həsənov tərəfindən təşəkkürnamələr təqdim edilib. Azərbaycan polisinin inkişafında səmərəli xidmətləri ilə seçilən polis veteranlarına isə hədiyyələr təqdim olunaraq onların xidmətləri yüksək qiymətləndirilib.






