Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib

22 oktyabr 2026 | 10:40
Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ağsaqqallar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi və strateji əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ideoloji təhlükəsizliyin təmin olunması, əhalinin sosial rifahının yüksəldilməsi və davamlı inkişafın təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Rayon rəhbəri dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin uğurla həyata keçirilməsində hər bir dövlət qurumunun, ictimai-siyasi təşkilatın və vətəndaşın üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayaraq, bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətin vacibliyini diqqətə çatdırıb.
Sonra Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, şəhid Azər Şəmilovun həyat yoldaşı Səidə Babaşova, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, Vətən müharibəsi qazisi Dursun Mənaflı və Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini, Azərbaycan Respublikasının əməkdar müəllimi Rəna Həsənova çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatındakı əhəmiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri və qarşıda duran vəzifələr ətrafında fikirlər səsləndirilib. Milli ideologiyanın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi və cəmiyyətdə həmrəyliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Müşavirə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsi, müəyyən edilmiş prioritetlərin ictimaiyyətə çatdırılması və onların həyata keçirilməsində birgə fəaliyyətin əhəmiyyətinin vurğulanması ilə başa çatıb.
Keçidlər