Bərdədə Birinci Qarabağ müharibəsinin itkin şəhidinin dəfn mərasimi keçirilmişdir
22 may 2026 | 16:32
Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Bağırlı və Yanşaq kəndlərinin ərazisindəki Qızılqaya yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab edilən, şəxsiyyəti müəyyən edilmiş Bərdə rayonundan olan qəhrəman övladımız, 1973-cü il təvəllüdlü Piriyev Rəşadət Əli oğlunun nəşinin qalıqları Yeni Daşkənd kənd qəbirstanlığında dəfn edildi.
Dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçıları, Milli Məclisin deputatları Fatma Yıldırım və Zahid Oruc, şəhidin qardaşı Bakı şəhər DYP İdarəsinin rəisi Rəşid Piriyev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Rəşadət Piriyev vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərərək canından keçmiş, ən ali zirvə - şəhidlik məqamına ucalmışdır. Şəhidimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, ailəsinə və yaxınlarına səbr və dözüm arzulayırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin !






