Bərdədə “Birlikdə sağlam gələcəyə” mövzusunda maarifləndirici tədbir keçirilib
08 iyun 2026 | 15:58
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.1. və 3.3.7.2. bəndlərinə əsasən Bərdə Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Bərdə şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəbdə “Birlikdə sağlam gələcəyə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması və zərərli vərdişlərin yaratdığı fəsadlar barədə maarifləndirmənin gücləndirilməsi olub.
Tədbir proqramı çərçivəsində RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, Bərdə şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəbin direktoru Elgün Qocamanov, Qarabağ Regional Gənclər və İdman idarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov və baş məsləhətçisi Fidan Nəsirli, Bərdə RMX PHŞ-nin psixoloqu Nazpəri Sadıqova çıxış edərək sağlam həyat tərzinin vacibliyindən, gənclərin düzgün istiqamətləndirilməsinin əhəmiyyətindən və psixoloji sağlamlığın qorunmasından danışıblar.
Daha sonra şagirdlərlə sual-cavab sessiyası keçirilib, sağlam həyat tərzini əks etdirən videoçarx nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb və tədbir xatirə şəkli ilə yekunlaşıb.






