Bərdədə “bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 10.8.7. nömrəli tapşırığının (bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi) icrası ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin Aparatının, Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin, Aqrar Xidmətlər Agentliyinin Bərdə Rayon Heyvan Sağlamığı və Baytarlıq Xidməti İdarəsinin, Bərdə Rayon İcra Hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, rəhbər vəzifəli şəxsləri və sahibkarlar iştirak etmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində biotəhlükəsizliyi təmin etmək üçün yayılma ehtimalı olan, xüsusilə də karantin tətbiq edilən zərərli orqanizmləri erkən aşkarlamaq və operativ nəzarəti həyata keçirmək məqsədilə mütəmadi olaraq bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında monitorinqlərin aparıldığını, monitorinqləri sistemli təşkil etmək məqsədilə “Bitki mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın 6 saylı Fitosanitar Tədbirlərə dair Beynəlxalq Standartının tələblərinə uyğun olaraq öncədən illik Milli Monitorinq Planı hazırlandığını qeyd etdilər. Bundan əlavə bitki və bitkiçilik məhsullarının ölkə daxilində satışı zamanı daxili karantin sertifikatının alınmasının zəruriliyi və verilmə qaydası izah edildi.