Bərdədə Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
15 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar Bərdə rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Mərkəzin direktoru Arifət Əhmədova çıxışında dövlət müstəqilliyimizin bərpasının tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsindəki müstəsna rolundan bəhs etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini vurğulamışdır.
Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva çıxışında müstəqilliyimizin xalqımızın tarixində mühüm dönüş nöqtəsi olduğunu qeyd etmiş, azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin və Böyük Qayıdış prosesinin dövlətimizin gücünü, milli birliyimizi və tarixi Zəfərimizi əks etdirdiyini bildirmişdir.
Digər çıxışlarda Azərbaycanın müstəqillik tarixi, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanmışdır.
Çıxışlardan sonra Azərbaycanın dövlət müstəqilliyinin tarixinə, dövlətçilik ənənələrinə və Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.






