Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Dövlət Proqramının icrasının altı ayının yekunları müzakirə olunub

19 noyabr 2026 | 14:26

Bərdə rayonunda Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası istiqamətində altı ay ərzində görülmüş işlərin və əldə olunmuş nəticələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Görüşdən əvvəl iştirakçılar rayonda fəaliyyət göstərən kənd təsərrüfatı və fermer təsərrüfatlarına baş çəkərək aqrar sahədə mövcud vəziyyətlə yerində tanış olublar. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq siyasəti şöbəsinin müdiri Bayandur Rzayev, Əlaqələndirmə Qərargahının üzvləri, eləcə də aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri təsərrüfatlarda aparılan işləri nəzərdən keçiriblər.

Səfər çərçivəsində əkin sahələrinin vəziyyəti, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal imkanları və suvarma təminatı ilə bağlı məsələlərə diqqət yetirilib. Fermer və sahibkarlarla söhbətlər zamanı onların qarşılaşdıqları çətinliklər, təklif və müraciətləri dinlənilib, mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında görüş keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Əlaqələndirmə Qərargahının üzvləri, fermerlər və sahibkarlar iştirak ediblər.

Görüşdə Dövlət Proqramının Bərdə rayonunda icrası üzrə altı ay ərzində görülmüş işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Eyni zamanda, əkinəyararlı torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının istehsalının və məhsuldarlığın artırılması, su təminatının yaxşılaşdırılması, heyvandarlıq və digər aqrar istiqamətlərin inkişafı, fermer və sahibkarların üzləşdikləri çətinliklərin aradan qaldırılması məsələləri diqqət mərkəzində olub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında ölkəmizdə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatı potensialının genişləndirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Dövlət Proqramında müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması üçün yerli imkanlardan maksimum istifadə olunmalı, fermer və sahibkarların fəaliyyəti üçün mövcud dəstək mexanizmlərinin tətbiqi genişləndirilməlidir.

Bildirilib ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı tərəfindən aqrar sahədə mövcud məsələlərin operativ araşdırılması, fermer və sahibkarların müraciətlərinin aidiyyəti qurumlara yönləndirilməsi, problemlərin həlli və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi istiqamətində müvafiq işlər görülür.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxışında Dövlət Proqramının əsas məqsəd və hədəflərindən bəhs edərək onun aqrar sahədə istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, müasir texnologiyaların tətbiqi və kənd yerlərində məşğulluğun artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq siyasəti şöbəsinin müdiri Bayandur Rzayev isə Dövlət Proqramının ayrı-ayrı istiqamətləri üzrə qarşıda duran vəzifələr, mövcud istehsal potensialından səmərəli istifadə və fermerlərə göstərilən dövlət dəstəyinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə, həmçinin Bərdə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş İş Planına uyğun olaraq son altı ay ərzində həyata keçirilən tədbirlər barədə məlumat verilib, görülmüş işlərin nəticələri təhlil olunub və növbəti dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib.

Tədbir zamanı fermer və sahibkarların müraciətləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Səsləndirilən təklif və problemlərlə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində zəruri tapşırıqlar müəyyən edilib.

Görüşün sonunda Dövlət Proqramının uğurlu icrasının aqrar sahənin inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına və rayonun iqtisadi potensialının daha da gücləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb. Fermer və sahibkarlar onlara göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək yaradılmış imkanlardan səmərəli istifadə etməklə istehsalın genişləndirilməsi və qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsində fəal iştirak edəcəklərini bildiriblər.

Keçidlər