Bərdədə Dövlət qulluqçularının qiymətləndirilməsi ilə bağlı təlim keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"nın "Fəaliyyət Planı"nın 8.9.3.tapşırığının (dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi) icrası ilə əlaqədar Bərdə rayonu İcra Hakimiyyətinin başçısının aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində rəhbər vəzifələrdə çalışan dövlət qulluqçularına hər il olduğu kimi cari ildə də Bərdə rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aparatın inzibati binasında 15.11.2023-cü il tarixində "Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər" üçün təlim keçirilmişdir. Keçirilmiş təlimdə bildirilmişdir ki, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30-1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 89 nömrəli Qərarı təsdiq edilmiş "dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi" qaydasına əsasən onun xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir. Təlimdə qeyd edilmişdir ki, qiymətləndirilmə dövründə ilin sonunadək üç aydan az rəhbərlik etmiş bilavasitə rəhbərin qiymətləndirilmə aparmasına yol verilmir, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirilmə forması əsasında aparılır, qiymətləndirilmə forması bilavasitə rəhbər tərəfindən hər il yanvar ayının 1-dən 30-dək olan müddətdə, dövlət qulluqçusunun qiymətləndirilmə dövrü ərzində yerinə yetirməli olduğu tapşırıqlar(hədəflər), meyarlar: peşə bilikləri, qulluq (xidməti) vəzifələrinə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək və ünsiyyət bacarığı, rəhbər vəzifə tutan dövlət qulluqçularının qiymətləndirilməsi üçün bundan əlavə meyarlar-proqnozlaşdırma idarəetmə, kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı, komanda qurmaq bacarığı habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir və dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə, 40 faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirilməyə əsaslanır.
Təlimdə bu mövzuda tədbirlərin mütəmadi olaraq keçiriləcəyi bildirilmişdir.