Bərdədə “Gülüşlə Dolan Dünya” adlı tədbir keçirilib
19 iyun 2026 | 17:12
Bərdə Rayon İcra Hakimiyyəti yanında yardılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında “Gülüşlə Dolan Dünya” adlı tədbir təşkil olunub. Tədbirin məqsədi məktəbəqədər təhsil müəssisəsində uşaqların inkişafını, məktəbə hazırlıq səviyyəsini və yaradıcılıq potensialını nümayiş etdirmək, dövlətin uşaqlara göstərdiyi diqqət və qayğını ictimaiyyətə çatdırmaq olub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfurə Hümbətova, Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Leyla Məmmədova və komissiyanın üzvü Liza Cabbarova məktəbəqədər təhsilin uşaqların hərtərəfli inkişafında mühüm rol oynadığını vurğulayıblar. Natiqlər dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan, onların hüquqlarının qorunması, keyfiyyətli təhsilə cəlb olunması, sağlam və vətənpərvər nəslin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Həmçinin ailə, təhsil müəssisəsi və cəmiyyət əməkdaşlığının uşaqların xoşbəxt, təhlükəsiz və sağlam mühitdə böyüməsində mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Tədbir çərçivəsində uşaqların ifasında vətənə, ailəyə və məktəbə həsr olunmuş şeirlər, mahnılar və rəqs nömrələri təqdim olunub.






